Bir işə başlamamışdan əvvəl onun necə həyata keçiriləcəyi, hansı addımların atılacağı, hansı xərclərin olacağı və qoyulan pulun hansı zaman müddətində geri qayıdacağı kimi sualların cavabını ancaq yaxşı hazırlanmış biznes plan vasitəsilə tapa bilərik.
Biznes planın hazırlanması, hansısa ideyaya başlamazdən əvvəl atılması gərəkən ilk önəmli addımdır. Yaxşı hazırlanan biznes plan ilə biz biznesimizə investisiya cəlb edə bilər, güclü komanda qura bilər, stratejik addımlarımızı müəyyənləşdirə bilər və ən əsası da ideyamızın üstünə yenidən düşünüb, onu daha da təkmilləşdirə bilərik. Biznes plan eyni zamanda insanların zaman və enerji sərfiyyatlarını ən doğru bir şəkildə istifadə etməsində önəmli rol oynayır.
Biznes planın hazırlanması şirkətlər üçün nə qədər çox önəmlidirsə, onun düzgün formada hazırlanması daha çox önəmlidir. Əks halda doğru hazırlanmamış bir biznes plan biznesinizin də uğursuz olmasına səbəb olacaq. Biznes plan hazırlayan insanların ən çox etdikləri səhvləri aşağıdakı 10 başlıq altında toplamaq olar:
1.Plana hər şeyi və hər kəsi daxil etməyə çalışmaq: Biznes planınızı oxuyan hər kəsə xitab etməsini gözləmək, çox yanlış düşüncədir. Planınızı tək biz biznes modelinə, tək bir sektora və ya tək bir problemin həllinə yönəltməlisiniz. Əks təqdirdə hər kəsdən məsləhət alaraq, onların fikirlərini, ideyalarını və təkliflərini biznes plana salsaq bu bizim ideyamızı və ideyanı çatdırma rahatlığımızı mürəkkəb hala salacaq.
2.Sıxıcı olmaq: Əgər potensial investorunuz planınızın ilk 2 səhifəsini oxuduqdan sonra ona maraqsız gəlməyə başlayarsa, bu heç də yaxşı əlamət deyil. Planın ilk səhifəsində yer alan biznesin xülasəsi hissəsi, investorun diqqətini çəkməsi baxımından çox önəmlidir. Bu hissəni oxuyarkən investorda ümumi layihə haqqında bir təsəvvür yaranmalıdır. Eyni zamanda planın dizaynı, qrafiklər, şəkillər, rəng çalarları kimi nüanslar da investorun biznes plana daha çox maraqla yanaşmasında xüsusi rol oynayırlar.
3.Bazarı olduğundan daha yaxşı göstərmək: Sırf ideyanızı daha cazib etmək üçün bazarın böyüklüyünü və potensial gəlirlərinizi olduğundan daha çox göstərmək investorda şüphəyə səbəb ola bilər. Ən pisi də rəqəmləri böyük göstərmək, bazar haqqında bir məlumatınız olmadığı düşüncəsi yarada bilər. Bu baxımdan real rəqəmlərdən çox uzaqlaşmamağa diqqət göstərin.
4.Rəqibləri göstərməmək: Bir çox biznes planda rəqabət anlayışına çox da yer verilmir. Layihənin üstün tərəflərinə o qədər fokuslanılır ki, rəqabət mövzusu geri planda qalır. Ancaq biz bazar analizi edərkən mütləq rəqib analizi də etməliyik. Mövcud rəqiblərin siyahısını çıxardıb, onların bazar payları, məhsulları, göstərdikləri xidmətlər, qiymət strategiyaları haqqında ətraflı araşdırma etməliyik.
5.Çox təkrardan istifadə etmək: Biznes plan hazırlayarkən önəmli olan nüanslardan biri də, hər səhifədə investora yeni və faydalı məlumatlar göstərməkdir. Bir fikri 10 fərqli şəkildə yazıb təkrar – təkrar istifadə etməkdən çəkinin. Heç kim eyni bir şeyi dəfələrlə dinləmək istəməz. Plan boyunca fikirlərinizin bir-birini dəstəkləyəcək şəkildə və təkrara yol vermədən istifadə edildiyindən əmin olun.

6.Çox termin istifadə etmək: Hər kəs olduğunuz sektoru və bu sektorun dilini sizin kimi yaxşı bilməyə bilər. Buna görə də biznes plan hazırlayarkən sadə ifadələrdən istifadə etməyə diqqət göstərin. Xüsusilə işin maliyyə tərəfi qarşı tərəf üçün qarışıq ola bilər. Tablolarda göstərilən terminlərin və ya rəqəmlərin açıqlamasını hər bir kəsin anlayacağı ifadələrlə izah edin.
7.Ziddiyyətli ifadələr istifadə etmək: Planınızda yazılan bütün ifadələr, rəqəmlər bir-birini dəstəkləyici formada olmalıdır. Misal üçün işin maliyyə hissəsindəki rəqəmlərlə satış hissəsində olan rəqəmlər arasındakı yaranacaq hər hansı bir ziddiyət yolaverilməzdir. Sektorunuzla, girdiyiniz bazarla, rəqiblərinizlə əlaqəli verdiyiniz məlumatlar doğru və başqa mənbələrdən təsdiqlənə bilən olmalıdır.
8.Peşəkarlıqdan uzaq olmaq: Biznes plan hazırlamaq çox çətin bir prosesdir. Planın içərisində olan hər bir bölmə xüsusi peşəkarlıqla və koordinasiyalı bir şəkildə hazırlanmalıdır. İnvestor biznes plana baxan kimi, işin peşəkar bir səviyyədə hazırlandığını hiss etməlidir. Əks halda qeyri-peşəkar səviyyədə hazırlanmış biznes plan sadəcə boş vaxt itkisindən başqa bir olmayacaqdır.
9.Nümunələrə baxaraq biznes plan hazırlamaq: Hər bir biznes, hər bir ideya və ümumi olaraq hər bir bazar fərqli fərqli yanaşmalar tələb edir. Misal üçün siz istehsal xarakterli bir biznes plana baxaraq xidmət xarakterli bir biznes plan hazırlaya bilməzsiniz. Hər bir ideyaya xüsusi olaraq yanaşmalı və bu istiqamətdə strategiyalarınızı təyin etməlisiniz.
10.Biznes planı başqalarına oxutmadan investora təqdim etmək: Biznes planı hazırladıqdan dərhal sonra investora aparıb təqdim etmək düzgün olmaz. Ola bilər ki, sizin hazırladığınız planda bir çox səhv var və siz bunu görə bilmirsiz. Bu şəkildə biznes planı təqdim etmək, sizi qeyri-peşəkar göstərəcəkdir. Bu səbəbdən Hazırladığınız planı investora təqdim etməmişdən əvvəl ətrafınızdakı təcrübəli şəxslərlə paylaşın və onların rəylərini diqqətə alın.